~YAQUB MƏMMƏDOV~

Yaqub Məmmədov 1941-ci il mart ayının 3-də Gədəbəy rayonunun Əli-İsmayıllı kəndində anadan olub. 1966-ci ildən Azərbaycan Tibb Universitetinin patoloji fiziologiya kafedrasında azərbaycan və rus bölmələrində praktik məşğələlər aparır və mühazirələr oxuyurur. "Ürəyin öyrənilməsi" üzrə Beynəlxalq Cəmiyyətin, Beynəlxalq Patofizioloqlar və Limfoloqlar cəmiyyətinin, həmçinin "Ekstremal və terminal vəziyyətlər" Beynəlxalq elmi komissiyasının üzvüdür. Yaqub Məmmədov 370-dən artıq elmi əsərin müəllifidir. Onlardan 205-i xaricdə çap olunub. Müəlliflik şəhadətnamələrinin və patentlərinin sayı 38-dir. Onun rəhbərliyi altında 24 elmlər namizədi və 8 elmlər doktoru elmi iş müdafiə etmişlər. Elmi-tədqiqat işləri əsasən praktik limfologiyanın fundamental problemlərindən birinə – limfa mayesinin laxtalanması və onların müxtəlif xəstəliklər zamanı korreksiyası məsələlərinə həsr olunmuşdur. Aparılan elmi-tədqiqatlar nəticəsində, nəzəri və praktik təbabət üçün böyük əhəmiyyəti olan laxtalanma, əks-laxtalanma və fibrinoliz sistemlərinin humoral-nəqlolunmanın (qan, toxumaarası, maye, limfa) bütün şöbələrində funksiyada vəhdədliyi haqqında yeni elmi konsepsiya irəli sürülmüşdür. Bu istiqamətdə 4 doktorluq və 20-dən çox namizədlik dissertasiyası müdafiə olunmuş və Azərbaycanda ilk dəfə bütöv bir "Limfoloqlar" məktəbi yaranmışdır. Belə ki, elmdə ilk dəfə olaraq müəyyən olunmuşdur ki, limfa mayesinin damar daxilində laxtalanması, onun ən mühüm funksiyasının, drenaj funksiyasının pozulmasına səbəb olur. Bu da bir sıra ağır xəstəliklərin – venoz trombozun, postreanimasion xəstəliyin, miokard infarktının, peritonitin, pnevmoniyanın və s. patogenetik strukturuna daxildir və onların həm gedişinə, həm də nəticəsinə mənfi təsir göstərir. Bunları nəzərə alaraq limfatrop təsir xüsusiyyətinə malik, həm Azərbaycanın təbii bitki və mineral ehtiyyatlarından hazırlanmış bioloji fəal maddələrdən, həm də məlum dərman preparatlarından hazırlanmış müxtəlif qarışıqlardan ibarət müalicə vasitələri təklif olunmuşdur. Hazırda klinik şəraitdə limfoloji müalicə üsulları tədbiq edilərkən bir qayda olaraq qan və limfa mayeləri arasındakı bu cür münasibət, o cümlədən limfanın laxtalanma qabiliyəti mütləq nəzərə alınır. Onun təşəbbüsü ilə keçmiş SSRİ-də ilk dəfə limfatrop dərman preparatlarının hazırlanması və limfa sisteminin ümumi patologiyada rolunun öyrənilməsi ilə məşğul olan "Eksperimental limfologiya" PETL-i yaradılmış və burada Azərbaycanın təbii bitki və mineral ehtiyatlarından alınmış limfotrop təsir xüsusiyyətinə malik 40-a qədər bioloji fəal maddə aşkar edilmişdir. Bunlardan 2-si nikomorfolin və qlisiram klinikalarda müxtəlif xəstəliklərin müalicəsində müvəffəqiyyətlə istifadə edilir. Təltif və mükafatları Azərbaycan Respublikasının Əməkdar həkimi – 1981; Əməkdar elm xadimi – 1991; "Qırmızı Əmək Bayrağı ordeni" – 1982; "Xalqlar Dostluğu ordeni" – 1987; Vavilov adına mükafat – 1990; ABŞ Bioqrafiya Mərkəzinin medalı – 2003.

Created with Mozello - the world's easiest to use website builder.

 .