~Firudin Köçərli ~

Akademik Köçərli Firudin Qasım oğlu 1920-ci il 28 dekabr tarixində Gədəbəy rayonun İsalı kəndində anadan olmuşdur. 1926-1935-ci illərdə İsalı kənd orta məktəbində təhsil almışdır. 1936-cı ildə Gəncə Pedoqoji texnikumuna daxil olmuş, 1940-cı ildə oranı bitirərək doğma kəndində müəllimlik fəaliyyətinə başlamışdır.
F.Köçərli 1945-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin nəzdində olan fəlsəfə şöbəsinə daxil olmuşdur. Universitetinin tələbə həmkarlar təşkilatının sədri olmuşdur. Universiteti fərqlənmə diplomu ilə bitirərək 1950-ci ildən 1953-cü ilə qədər M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin aspirantı olmuş və dissertasiya müdafiə edərək fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almışdır.
F.Köçərli 1953-1958-ci illərdə Azərbaycan Dövlət Universiteinin fəlsəfə kafedrasının dosenti vəzifəsində çalışmışdır. O, 1958-1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının fəlsəfə sektorunun rəhbəri olmuş, 1967-ci ildən 1985-ci ilə qədər fəlsəfə və hüquq inistitutunun direktoru vəzifəsində işləmişdir. Ömrünün son anı olan 2004-cü ilə qədər bu institutda fəaliyyət göstərmişdir.
F.Köçərli 1966-cı ildə doktorluq dissertasiyası müdafiə edərək fəlsəfə elmləri doktoru elmi adına layiq görülmüşdür. 1968-ci ildə SSRİ AEAK-nın qərarı ilə ona fəlsəfə tarixi üzrə professor elmi adı verilmişdir.
F.Köçərli 1966-cı ildə Azərbaycan Elmələr Akademiyasının müxbir üzvü, 1976-cı ildə həqiqi üzvü seçilmişdir.       Akademik F.Köçərlinin elmi-tədqiqat fəaliyyəti əsasən Azərbaycanda fəlsəfə və ictimai fikir tarixinin, dialektik və tarixi materializmin, etika və estetika problemlərinin tədqiqinə yönəldilmişdir. Azərbaycanın bir çox elm və mədəniyyət xadimlərinin fəlsəfi baxışlarına dair tədqiqatlar aparmış, həmin tədqiqatlırın nəticələri onun nəşr etdiyi kitab və monoqrafiyalarında öz əksini tapmışdır. Eyni zamanda F.Köçərlinin apardığı tədqiqatlar Moskvada nəşr olunan «SSRİ də fəlsəfə tarixi» adlı kitaba daxil edilmişdir.
Akademik F.Köçərli uzun illər SSRİ Fəlsəfə Cəmiyyəti Azərbaycan bölməsinin sədri olmuşdur. O, Çexoslovakiyada, Kanadada, Skandinaviya ölkələrində çıxışlar etmişdir.