~Tapdıqov İlyas Oruc oğlu~

İlyas Tapdıq 1934-cü il noyabrın 30-da Gədəbəy rayonunun Əli İsmayıllı kəndində doğulmuşdur. Gədəbəyin Kiçik Qaramurad kəndində orta məktəbi bitirdikdən sonra APİ-nin dil və ədəbiyyat fakültəsində təhsil almışdır (1952-1956).Tapdıqov İlyas Oruc oğlu (İlyas Tapdıq) — şair, tərcüməçi, 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan komsomolu mükafatı laureatı (1972).Ədəbi yaradıcılığa tələbəlik dövründə "Azərbaycan" jurnalında dərc olunan "Bakının gecəsi" şerilə başlamışdır. Uşaqgəncnəşrdə redaktor (1957-1962), Azərnəşrdə redaktor, böyük redaktor (1962-1968), "Gənclik" nəşriyyatında böyük redaktor, redaksiya müdiri, baş redaktor (1968-1976), Azərbaycan Baş Mətbuat Müvəkkilliyində qrup rəhbəri (1976-1978), Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində televiziya gənclər baş redaksiyasının baş redaktoru (1978-1983), Azərnəşrdə bədii ədəbiyyat şöbəsinin müdiri (1989-1992), Türkiyənin Ankara şəhərində Türk Standartları İnstitutunda və Xarici İşlər Nazirliyi və kalkınma ajansında müəllim, "Azərbaycan" qəzetinin Türkiyə üzrə xüsusi müxbiri (1992-1995) vəzifələrində işləmişdir. Hazırda Azərnəşrdə bədii ədəbiyyat şöbəsinin müdiri vəzifəsində çalışır (1989-cu ildən). "Gənclik" nəşriyyatı redaksiya şurasının üzvü, Azərbaycan komsomolu Şöhrət şurasının üzvü, "Türk əsrində Azərbaycan" jurnalının redaksiya heyətinin üzvü və Azərbaycan təmsilçisi olmuş, bir sıra respublika festival və müsabiqələrində münsiflər heyətinin üzvü olmuşdur. Təşviqat qatarında dəfələrlə rayonlara getmiş, zəhmətkeşlər qarşısında çıxış etmişdir. 60-80-ci illərdə qardaş respublikalarda keçirilən ümumittifaq tədbirlərinə, yubileylərə, uşaq kitabı həftəsinə, müşavirələrə dəvət olunmuşdur. Azərbaycan komsomolunun XXX, XXXI qurultaylarına nümayəndə seçilmişdir. Sovet uşaq ədəbiyyatı və incəsənəti nümayəndələri tərkibində Çexoslovakiyada (1972), Macarıstanda (1979) olmuşdur. Türkiyədə İzmir şəhərində I Uluslararası Türk dünyası Turizm və Kültür simpoziumunda iştirak etmişdir (1994).