~Qasımov Şəfəq Hüseyn oğlu~

Qasımov Şəfəq Hüseyn oğlu 31 avqust 1948-ci ildə Gədəbəy rayonunun Nəriman kəndində qulluqçu ailəsində anadan olmuşdur. 1955-ci ildə Nəriman kənd orta məktəbinin I sinfinə getmiş və 1966-cı ildə həmin məktəbin XI sinfini bitirmişdir. 1966-cı ildə ADU-nun fizika fakültəsinə daxil olmuş və 1971-ci ildə universitetdə ali təhsilini başa vurmuşdur. Universiteti bitirdikdən sonra təyinatla Ağsu rayonunda yerləşən 2 saylı Ağsu orta məktəbində 2 il fizika müəllimi vəzifəsində işləmiş və sonra Bakı şəhərində yerləşən Tətbiqi Fizika Elmi-Tədqiqat institutunun filialında çalışmışdır. Şəfəq Qasımov 1975-1978-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika institutunda aspirant olmuş və elmi tədqiqat işlərini orada davam etdirmişdir. 1984-cü ildə “Tese yarımkeçirici birləşməsi və onun analoqlarının qalvonomaqnit xassələrinə təzyiqin təsiri” mövzusunda dissertasiya işini müdafiə etmiş və fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır. Şəfəq Qasımov 2005-ci ildən Fizika institutunda aparıcı elmi işçi vəzifəsində çalışır. Hazırda elmi işini davam etdirərək, “AIII BVI və AIII BIII C2VI yarımkeçirici birləşmələrinin elektrik və dielektrik xassələrinə yüksək hidrostatik təzyiqin (10 kbar) və temperaturun (77-300 k intervalında) təsirinin tədqiqi” ilə məşğuldur. Aspirantlara kömək edir, iş yoldaşlarının arasında böyük hörmət qazanmışdır. Şəfəq Qasımov institutun ictimai işlərində də fəal iştirak edir.

Created with Mozello - the world's easiest to use website builder.

 .