~Quliyev Zülfüqar Mustafa oğlu~

Zoologiya-ixtiologiya elmləri sahəsində görkəmli alim, biologiya elmlər doktoru Quliyev Zülfüqar Mustafa oğlu 03 iyun 1932-ci ildə Azərbaycan Respublikası Gədəbəy rayonunun Gədəbəy qəsəbəsində fəhlə ailəsində anadan olmuşdur. 1951-ci ildə Qəsəbə orta məktəbinin 10-cu sinfini bitirərək Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsinə daxil olmuş, 1956-cı ildə oranı fərqlənmə diplomu ilə bitirmiş və həmin il Gədəbəy rayonuna müəllim göndərilmişdir. 3 il Gədəbəy qəsəbə orta məktəbində müəllimlik etdikdən sonra 1958-ci ilin dekabrında Azərbaycan SSR EA Zoologiya İnstitutunda ixtiologiya ixtisası üzrə aspiranturaya daxil olmuşdur. O, akademik A.N. Derjavinin elmi rəhbərliyi altında “Kürətrafı ərazidə külmənin biologiyası və ehtiyatının vəziyyəti” mövzüsunda dissertasiya işi üzərində işləmiş və 1963-cü ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. Müdafiədən sonra Zoologiya İnstitutunda 1981-ci ilədək müxtəlif vəzifələrdə – laborant, kiçik elmi işçi, böyük elmi işçi, elmi katib, laboratoriya müdiri işləmişdir. 1997-ci ildə Z.M. Quliyev “Cənubi və Orta Xəzər hövzəsinin çəki və xanıkimi balıqları populyasiyalarının strukturu, ekologiyası, yayılması və ehtiyatının bərpa olunması tədbirləri” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1981-1987-ci illərdə keçmiş SSRİ Balıqçılıq Təsərrüfatı Nazirliyinin Mərkəzi Nərə balıqları İnstitutunun Azərbaycan şöbəsinin direktoru, 1978-1992-ci illərdə Cənubi-Xəzər Balıqartırma, Mühafizə və Balıq Ovunun Tənzimetmə İdarəsinin rəisi, 1992-2005-ci illərdə Azərbaycan Elmi-tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun direktoru vəzifəsində işləmişdir. 2005-ci ildə AMEA Zoologiya İnstitutunun “Su heyvanları” şöbəsinin müdiri vəzifəsinə seçilmiş və ömrünün sonunadək bu vəzifədə çalışmışdır. Z.M. Quliyev apardığı tədqiqatlar əsasında əldə etdiyi nəticələr haqqında müntəzəm olaraq Moskva, Leninqrad, Vilnyus, Vladivastok, Novorasiyisk, Tolyatti, Nalçik, Quryev, Aşqabad, Düşənbə, Mahaçqala və d. şəhərlərdə keçirilən elmi konfranslarda, konqreslərdə və simpoziumlarda mərüzə ilə çıxış etmişdir. O, 1992-ci ildə yaradılmış və 5 Xəzəryanı ölkə mütəxəssislərin təmsil olunduğu “Xəzər Bioloji Sərvətlər Komissiyasının” hər ilin sonunda keçirilən yığıncaqlarında Cənubi Xəzərdə aparılan ixtioloji tədqiqatların yekunu barədə məruzələr etmişdir. Bu məruzələr əsasında regionda balıq ehtiyatının (nərəkimilərin və kilkələrin) və onların yem bazasının müasir vəziyyəti qiymətləndirilərək Respublikaya ayrılacaq balıq ovunun kvotası (həcmi) müəyyən edilmişdir. Z.M.Quliyev 4 monoqrafiyanın – “Рыбы залива Кирова Каспийского моря” (1989), “Карповые и окуневые рыбы Южного и Среднего Каспия” (2002), “Форели Азербайджана» (2005), “Azərbaycanda əmtəə balıqçılığı” (2006) müəllifi, 3 monoqrafiyanın – “Жерех (характеристика вида в пределах ареала)” (1995), “Промысловые рыбы Нахичеванской Автономной Ресрублики” (2000), “Xəzərin əsrarəngiz balıqları (Biomüxtəliflik)” (2003) və “Azərbaycanın heyvanlar aləmi” (2004) kitabının III cildinin “Balıqlar” hissəsinin, “Azərbaycanın daxili su hövzələrinin bioloji ehtiyatları, onların artırılması və səmərəli istifadə olunması yollarına dair bioloji tövsiyyələr”in (2011) həmmüəllifidir. O, 260-dan çox elmi məqalənin, 8 elmi-metodiki təklifin, 2 elmi – kütləvi kitabçanın – “Qəribə heyvanlar” (1973), “Qeyri-adi balıqlar” (1973) müəllifidir. Onun elmi rəhbərliyi altında 5 namizədlik dissertasiyası müdafiə olunmuşdur. Nəcib və səmimi insan olan Zülfüqar Quliyevin əziz və parlaq xatirəsi onun həmkarları, yetirmələri, eləcə də Azərbaycan bioloqlarının yaddaşında daim yaşayacaq, görkəmli alimin elmi xidmətləri həmişə hörmətlə yad ediləcəkdir.12.02.2012. Zoologiya-ixtiologiya elmləri sahəsində görkəmli alim, biologiya elmlər doktoru, AMEA Zoologiya Institutunun "Su heyvanları şöbəsi"nin müdiri Quliyev Zülfüqar Mustafa oğlu uzun sürən xəstəlikdən vəfat etmişdir.ALLAH RƏHMƏT ETSİN!

Created with Mozello - the world's easiest to use website builder.

 .