~ZEYNALOV ZAKİR MİKAYIL OĞLU~

Gəncə Dövlət Universitetinin Ümumi fizika kafedrasının müdiri, fizika-riyaziyyat elmləri namizədi, dosent Zeynalov Zakir Mikayıl oğlu 1948-ci ildə Gədəbəy rayonunun Samanlıq kəndində anadan olmuşdur. 1965-ci ildə orta məktəbi, 1970-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirmişdir. 1972-ci ildən 1998-ci ilədək Azərbaycan Texnologiya İnstitutunda baş laborantlıqdan fakültə dekanınadək müxtəlif vəzifələrdə çalışmışdır. 1981-ci ildə Vilnyus Dövlət Universitetində «III qrup elementləri ilə aşqarlanmış qurğuşun və mis halkoqenidlərində elektirik və istilik daşınma proseslərinin tətbiqi» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1989-cu ildə Ali Attestasiya Komissiyasının qərarı ilə ona dosent diplomu verilmişdir. 1998-ci ildə Gəncə Dövlət Universitetinin «Fizika və onun tədrisi metodikası» kafedrasında dosent vəzifəsinə seçilmişdir. 2003-cü ildə Gəncə Dövlət Universitetinin «Tətbiqi fizika» kafedrasının müdiri vəzifəsinə seçilmişdir. Dosent Z.M.Zeynalov 100-dən çox elmi-metodiki məqalənin, bir neçə metodik göstərişin və 10-a kimi dərs vəsaitinin müəllifidir. O, hal-hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutu ilə Gəncə Dövlət Universiteti arasında birgə elmi-tədqiqat işlərinin aparılması haqda müqavilə əsasında tədqiqat işləri ilə məşğuldur. Bu tədqiqatların nəticəsi olaraq dosent Z.M.Zeynalovun doktorluq dissertasiyasının «Mürəkkəb aşqarlanmış germanium-silisium bərk məhlulları kristallarının göyərdilməsi və elektron xassələri» mövzusu AMEA Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi şurasında qeydiyyatdan keçmişdir. Doktorluq dissertasiyasının mövzusu AMEA Fizika İnstitunun Elmi Şurasında 2007-ci ilin yanvar ayında təsdiq edilmişdir. Bu mövzuya aid son illərdə respublikada və respublikadan kənar elmi jurnallarda 20-dən çox elmi məqaləsi çap olunmuşdur.

Z.M.Zeynalov hal-hazırda Gəncə Dövlət Universitetinin «Ümumi fizika» kafedrasının müdiri vəzifəsində çalışır, ailəlidir, 4 övladı var.

Created with Mozello - the world's easiest to use website builder.

 .