~Əhmədli Qoşqar Teymur oğlu~

Qoşqar Əhmədov 1917-ci ildə Gədəbəy rayonunda anadan olmuşdur. 1923-30-cu illərdə Söyüdlü kənd natamam orta məktəbində təhsil almış Q.Əhmədov 1930-33-cü illərdə Bakı Beynəlmiləl Pedaqoji Texnikumuna daxil olmuş, sonra iki il rayonda müəllim işləmişdir. 1935-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə qəbul olunmuş Q.Əhmədov 1941-ci ildə ordu sıralarına getmiş, elə həmin il F.Dzerjinski adına Hərbi Akademiyaya oxumağa göndərilmiş və 1946-cı ilədək Bakı qarnizonu komandanının zenit artilleriyası üzrə müavini işləmişdir. Ordudan tərxis olunandan sonra aspiranturaya qəbul olunmuş, həmin il fizika-riyaziyyat fakültəsinin dekan müavini vəzifəsinə irəli çəkilmişdir. O, 1950-ci ildə namizədlik, 1960-cı ildə doktorluq dissertasiyasını müdafiə etmiş, 1961-ci ildə professor elmi adını almış, 1958-ci ildən ömrünün sonunadək differensial və inteqral tənliklər kafedrasının müdiri vəzifəsində çalışmışdır. Q.Əhmədov 1965-ci ildə respublikamızda ilk dəfə "Optimal idarəetmənin riyazi əsasları" üzrə elmi seminar təşkil etmiş və burada riyaziyyatın müxtəlif yeni sahələri (optimal idarəetmə nəzəriyəsi, meyl edən diferensial tənliklər nəzəriyyəsi, dayanıqlıq nəzəriyyəsi) öyrənilmişdir. Diferensial və inteqral tənliklər sahasində böyük mütəxəssis kimi tanınmış Q.Əhmədov 70-dən çox elmi əsərin müəllifidir. Onun rəhbərliyi altında 60-dan çox elmlər namizədi hazırlanmışdır.Q.Əhmədovun elmi və pedaqoji kadrların hazırlanmasında əvəzsiz xidmətləri olmuşdur. Q.Əhmədovun xidmətləri bir sıra hökumət mükafatları ilə qeyd edilmişdir. 1969-cu ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.Qoşqar Əhmədli 1975-ci ildə vıfat etmişdir.