~RÜSTƏMOV MAHMUD ƏLİ OĞLU~
Mahmud Əli oğlu Rüstəmov 1938-ci il noyabrın 30-da Gədəbəy rayonunun Arıqırılan kəndində anadan olmuşdur. 1957-ci ildə Azərbaycan Sənaye İnstitutunun (indiki ADNA-nın) Kimya-Texnologiya fakültəsinə qəbul olmuş və oranı 1962-ci ildə bitirmişdir. 1962-1965-ci illərdə Sintetik Kauçuk və Superfosfat zavodlarında mühəndis-texnoloq vəzifəsində işləmişdir. 1965-1968-ci illərdə indiki Azərbaycan Dövlət Neft Akademiyasının aspiranturasında oxumuşdur. 1968-1971-ci illərdə indiki Azərbaycan Elmlər Akademiyası Polimer Materialları İnstitutunda kiçik elmi işçi vəzifəsində işləmişdir. 1971-ci ildən Azərbaycan Texniki Universitetin “Kimya” kafedrasında assistent, baş müəllim və dosent vəzifələrində işləmişdir. 1991-ci ildən həmin kafedranın professorudur. Həmçinin 1990-cı ildən “Kimya” kafedrasının nəzdində “Alitsiklik və mezogen birləşmələr” Elmi-tədqiqat laboratoriyasını təşkil etmiş və ona rəhbərlik edir.1971-ci ildə “Hem-metiləvəzli tsikliheksan(en)-3-karbon turşularının xloranhidridləri ilə doymamış birləşmələrin kondensləşməsi reaksiyalarının tədqiqi və alınmış birləşmələrin çevrilmələri” mövzusunda namizədlik, 1988-ci ildə isə Daşkənd Dövlət Universitetinin İxtisaslaşmış Elmi Şurasında (İES) “Tsikloheksan(en) karbon turşuları və onların törəmələri əsasında poliəvəzli politsiklik birləşmələrin sintezi və stereokimyası” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1991-ci ildə “Üzvi kimya” ixtisası üzrə professor adına layiq görülmüşdür. Professor M.Ə. Rüstəmovun əsas elmi istiqaməti müxtəlif funksionaləvəzli alitsiklik karbon turşuları, onların halogenanhidridlərinin sintezi və onların əsasında elektrofil birləşmə reaksiyalarının köməyi ilə müxtəlif bioloji aktiv və maye kristal xassəsi daşıyan polifunksionaləvəzli politsiklik birləşmələrin sintezi və xassələrinin tədqiqindən ibarətdir. Onun apardığı elmi-tədqiqatlar işləri nəticəsində alkil-, aril-, alkilaril-, halogenəvəzlimono- və bitsiklik karbon turşularının, onların əsasında benzobitsiklik strukturların sintezi üçün üsullar işlənib hazırlanmışdır. Kənd təsərrüfatı, texnika və elektronikada əhəmiyyətli olan boy maddələri, ingibitor, səthiaktiv və maye kristal xassəyə malik maddələr sintez edilmişdir. Onun yuxarıda qeyd edilən istiqamətdə apardığı elmi-tədqiqat işlərin nəticələri 210-dən çox elmi əsərdə, o cümlədən 8 müəlliflik şəhadətnaməsində və 4 patentdə öz əksini tapmışdır. Onun rəhbərliyi ilə 4 elimlər namizədi hazırlanmışdır. Hal-hazırda 1 aspirantın, 2 dissertantın elmi rəhbəridir. 30-dan çox doktorluq və namizədlik dissertasiyasının opponenti olmuşdur. 2003-cü ildən “Kimya” kafedrasının müdiridir. “Kimya” kafedrasında aparıcı təşkilat kimi M.Ə. Rüstəmovun rəhbərliyi ilə 40-dan çox doktorluq və manizədlik dissertasiyası müzakirə edilmiş və rəy verilmişdir. Bir çox metodik işlərin, fənn proqramlarının, “Kimya” və “Analitik kimya” fənnlərindən dərs vəsaitlərinin müəllifidir. Yüksək ixtisaslı mühəndis və elmi-pedaqoji kadrların hazırlanmasında xidmətləri böyükdür. O, elmi-pedaqoji işlə yanaşı ictimai fəaliyyət də göstərmişdir. Müxtəlif illərdə ADNA və BDU-da İxtisaslaşmış Elmi Şurasının nəzdində fəaliyyət göstərən seminarın sədri, 2002-ci ildən BDU-da dissertasiya və AzTU-da Elmi Şuranın üzvüdür. 2006-ci ildən Amerika Kimya Cəmiyyətinin “American Chemical Society” üzvü seçilmişdir. 2011-ci ildə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmişdir. M.Ə. Rüstəmov bir sıra Beynəlxalq və Respublika konfranslarında məruzə ilə çıxış etmişdir.M.Ə. Rüstəmov bir neçə kitabların müəllifidir. “Kimyadan Laboratoriya Ishleri” kitabi, Baki, “MMC” neshriyyati, 2009 “Azerbaycan kimyachilari” kitabi, Baki, “Azerbaycan” neshriyyati, 1998 “Bir daha cheshmelerden sechdiklerim” kitabi, Baki, “Bayramoglu” neshriyyati, 2011