~TOFİQ KÖÇƏRLİ~

Tofiq Köçərli 1929-cu il fevralın 11-də Gədəbəy rayonunun İsalı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra ali təhsilini 1945-1950-ci illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində alıb. 1951-1952-ci illərdə Moskva Dövlət Universitetində ixtisasartırma kurslarının müdavimi olub. Əmək fəaliyyətinə 1950-1951-ci illərdə Quba Müəllimlər İnstitutunda müəllim kimi başlayan Tofiq Köçərli 1952-1953-cü illərdə Ağdam Müəllimlər İnstitutunda kafedra müdiri, 1953-1956-cı illərdə Gəncə Pedaqoji İnstitutunda müəllim, baş müəllim və dosent işləyib. 1957-1965-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Partiya Tarixi İnstitutunda baş elmi işçi, 1965-1972-ci illərdə Bakı Ali Partiya Məktəbinin kafedra müdiri, 1972-1990-cı illərdə rektoru, 1990-1991-ci illərdə isə professoru olub. 1993-2001-ci illərdə Azərbaycan Elmlər Akademiyasının İctimai-siyasi Tədqiqatlar İnstitutunun elmi işçisi, 2002-ci ildən ömrünün sonunadək isə akademiyanın Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi vəzifəsini tutub. Tofiq Köçərli müasir Azərbaycan tarixinin aktual problemlərinin araşdırılması ilə ardıcıl məşğul olub, bu sahədə bir çox kitab və monoqrafiyanın, 120-dən çox məqalənin müəllifi kimi tanınıb. Azərbaycan tarixşünaslığına töhfələr verən alimin əsərləri ölkəmizdə, eləcə də onun sərhədlərindən kənarda elmi ictimaiyyət tərəfindən maraqla qarşılanıb. Azərbaycan Xalq Cümhuriyyətinin təşkili və fəaliyyətinin öyrənilməsi, Naxçıvanın və Qarabağın tarixinin ən mühüm məsələlərinin tədqiqi onun əsas elmi nailiyyətləri sırasındadır. Tofiq Köçərli sovet dövründə bir neçə dəfə Ali Sovetinin deputatı seçilib, 1992-ci ildən Milli Şuranın üzvü olub. "Qırmızı Əmək Bayraği" ordeni və bir neçə sairə orden və medallarla təltif edilib, fəxri adlara layiq görülüb. 31 oktyabr 2007 ildə Bakı şəhərində dünyasını dəyişib.

Report abuse Learn more