~ƏLİYEV VİLAYƏDDİN SƏYAD OĞLU~
Əliyev Vilayəddin Səyad oğlu 31 dekabr 1946-cı ildə Gədəbəy rayonunun Düzyurd kəndində anadan olmuşdur. 1954-cü ildə Gədəbəy qəsəbə orta məktəbinə daxil olmuş, 1965-ci ildə həmin məktəbi bitirmişdir. 1965-ci ildə H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinin “riyaziyyat” ixtisasına qəbul olunmuş və 1969-cu ildə həmin institutu bitirmişdir. 1969-cu il avqustdan 1969-cu ilin sonuna kimi Salyan rayonunun Marışlı kəndində, 1970-ci ilin martından 1971-ci ilin mayına kimi Gədəbəy rayonunda müəllim işləmişdir. 1971-1972-ci illərdə Sovet Ordusu hissəsində hərbi xidmətdə olmuşdur. 1972-ci ilin sentyabr ayından 1975-ci ilin mart ayına kimi Gədəbəy rayonunda müəllim işləmişdir. 1975-ci ilin martından H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun Həndəsə və Cəbr kafedrasında baş laborant, laboratoriya müdiri işləmişdir. 1995-ci ilin yanvarından Gəncə Dövlət Universitetinin Həndəsə və Cəbr kafedrasında müəllim, baş müəllim və dosent işləmişdir. V.S.Əliyev Azərbaycan Dövlət Neft Akademiyasında “Həndəsi qeyri xəttiliyi nəzərə almaqla qeyri bircins ortotrop materialdan hazırlanmış müstəvi maşın lövhələrinin dayanıqlığı və rəqsləri” mövzusunda dissertasiya müdafiə etmiş və 11 dekabr 1995-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi verilmişdir.25 oktyabr 2002-ci ildə Ali Attestasiya Komissiyasının qərarı ilə ona dosent elmi adı verilmişdir. 100-dən artıq elmi-metodiki məqalənin, 4 metodiki göstərişin, 3 ədəd dərs vəsaitinin müəllifidir. Onun 30-dan artıq elmi məqaləsi xarici ölkələrdə dərc olunmuşdur. V.S.Əliyev 27 avqust 2011-ci ildə kəskin ürək çatışmamazlığından vəfat etmişdir. Gözəl bir ziyalı, yaxşı bir müəllim, nəcib keyfiyyətlərə malik bir insan kimi V.S.Əliyevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.ALLAH RƏHMƏT EYLƏSİN,QƏBRİN NURLA DOLSUN!!!